5 may 2026-cı il tarixində Sumqayıt Yəhudi Dini İcmasında Laq ba-Omer münasibətilə tədbir keçirilib.
Tədbirdə icma üzvləri Laq ba-Omerin mənəvi və tarixi əhəmiyyətini yad etmək, yəhudi xalqının dini və mədəni ənənələrini qorumaq və gələcək nəsillərə ötürmək məqsədilə bir araya gəliblər. Axşam dostluq, birlik və qarşılıqlı anlaşma şəraitində keçib.
Tədbirdə çıxış edən Sumqayıt Yəhudi Dini İcmasının ravvini və lideri Leyxter Menahem Mendel Laq ba-Omerin mənəvi işığı, ümid və birliyi simvolizə etdiyini bildirib. O, bu günün insanlara xeyirxahlığın, qarşılıqlı hörmətin və mənəvi dəyərlərin qorunmasının vacibliyini xatırlatdığını vurğulayıb.
İcma idarə heyətinin üzvü Mixail Borisoviç çıxışında Sumqayıtda müxtəlif xalqların və dinlərin nümayəndələri arasında mövcud olan dostluq və qarşılıqlı hörmət mühitinin əhəmiyyətindən danışıb. O, belə tədbirlərin insanlar arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt regional bölməsinin müdiri Yalçın Abdullayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov da iştirak ediblər. Çıxışlar zamanı Azərbaycanda dini-mədəni müxtəlifliyə göstərilən dövlət qayğısı, Sumqayıtda formalaşmış tolerantlıq mühiti və bu kimi tədbirlərin cəmiyyətin birlik və həmrəyliyinin gücləndirilməsindəki rolu xüsusi vurğulanıb.
Tədbir icma üzvlərinin iştirakı ilə bayram ənənələrinin yaşadılması və qorunması şəraitində isti, səmimi və dostluq atmosferində davam edib.