2026-cı ilin yayında Sumqayıt Yəhudi Dini İcmasının uşaqları sevinc, yeni biliklər, dostluq və maraqlı anlarla zəngin yay düşərgəsində iştirak ediblər.
“JSummer Universal – Mənim Yəhudi Yayım 2026” gündüz düşərgəsi çərçivəsində uşaqlar həm əyləncəli, həm də maarifləndirici proqramda iştirak edərək yəhudi ənənələri və Halaxa qanunları ilə tanış olublar.
Düşərgənin “Ada səyahəti” proqramı çərçivəsində müxtəlif oyunlar, müsabiqələr və yaradıcı fəaliyyətlər təşkil olunub. Fəallığı və bilikləri ilə seçilən iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Düşərgənin ən yaddaqalan anlarından biri Bakıda yerləşən Sky Park əyləncə mərkəzinə təşkil olunan səfər olub. Gəzinti uşaqlara sevinc və xoş təəssüratlarla yanaşı, uzun müddət xatırlayacaqları gözəl xatirələr bəxş edib.
Düşərgə başa çatdıqdan sonra valideynlər keçirdikləri günlərlə bağlı səmimi fikirlərini bölüşüblər. Onların rəylərinə görə, düşərgə yalnız uşaqlar üçün deyil, valideynlər üçün də sevinc və xoş təəssürat mənbəyinə çevrilib.
Valideynlər düşərgədə yaradılan isti ailə mühitini, zəngin proqramı, maraqlı məşğələləri, yəhudi ənənələrinin öyrədilməsini, hər bir uşağa göstərilən diqqət və qayğını xüsusi qeyd ediblər. İlk gündən hiss etdikləri səmimiyyət və qonaqpərvərlik də valideynlərin rəylərində xüsusi vurğulanıb.
Valideynlərin fikirlərində Rav Menaxem Mendel, Ahuva Leichter, Liana, Diana, Ulduz və Sumqayıt sinaqoqunun bütün komandasına minnətdarlıq ifadə olunub. Qeyd edilib ki, onların sevgisi, qayğısı, səbr və zəhməti sayəsində düşərgənin hər günü sevinc, Tövrat, ailə dəyərləri və yaddaqalan anlarla zəngin keçib.
Bəzi valideynlər düşərgə günlərində özlərini yenidən uşaqlıq illərinə qayıtmış kimi hiss etdiklərini və Sumqayıt sinaqoqunun ailələri üçün sevgi, qayğı və dualarla dolu ikinci evə çevrildiyini bildiriblər.
Sumqayıt Yəhudi Dini İcması layihənin həyata keçirilməsinə göstərdiyi daimi dəstəyə görə icmanın rəhbəri Brenneysen Yevgeniy Anatolyeviçə dərin minnətdarlığını bildirir.
Eyni zamanda, “The Federation of Jewish Communities of the CIS” təşkilatının Baş direktoru Rav Dovid Mondshine-a “JSummer Universal – Mənim Yəhudi Yayım 2026” gündüz düşərgəsi layihəsinə göstərdiyi dəstəyə görə xüsusi təşəkkürümüzü bildiririk.
Məhz bu dəstək və səylər nəticəsində uşaqlar üçün maraqlı, maarifləndirici və yaddaqalan yay proqramının təşkil edilməsi mümkün olub.
Valideynlərin səmimi fikirləri düşərgənin həm uşaqların, həm də ailələrin yaddaşında xüsusi yer tutduğunun ən gözəl göstəricilərindən biridir.
Uca Yaradan bu gözəl layihənin həyata keçirilməsində əməyi olan hər kəsi can sağlığı, sevinc, bərəkət və xeyirxah işlərində uğurlarla mükafatlandırsın.