Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada Azərbaycanın müxtəlif dini ənənələrə mənsub insanların birgəyaşayışını, qarşılıqlı hörmət və multikultural dəyərlərini əks etdirən “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan nümayəndə heyətinin üzvləri, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpusun və dini icmaların nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin icraçı prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.
Tədbirdən əvvəl Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini əks etdirən fotostend nümayiş olunub.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov çıxışında filmin müxtəlifliyin insanlar arasında qarşılıqlı anlaşmanı və yaxınlığı gücləndirən dəyər olduğunu nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, film eyni Vətəni – Azərbaycanı paylaşan islam, xristianlıq və yəhudilik kimi müxtəlif dini ənənələrə mənsub üç gənc qadının həyat hekayələri vasitəsilə dinlərarası münasibətlərin gündəlik həyatda necə təzahür etdiyini göstərir.
Səfir Azərbaycanın dini müxtəlifliyinin ölkənin tarixi və mədəni irsinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. O qeyd edib ki, məscidlər, kilsələr və sinaqoqlar yalnız dini abidələr deyil, eyni zamanda ölkədə formalaşmış birgəyaşayış və qarşılıqlı hörmət ənənəsinin canlı nümunələridir.
Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının İslam işləri üzrə bürosunun rəhbəri Ata Loran Basanez tədbir iştirakçılarına Dikasteriyanın prefekti kardinal Corc Ceykob Kuvakadın müraciətini çatdırıb. Müraciətdə “Harmoniya” filminin Azərbaycanda müxtəlif dini ənənələrin nümayəndələri arasında birgəyaşayış təcrübəsini təqdim etdiyi və dinlərarası dialoqun hörmət, qarşılıqlı anlaşma və qardaşlıq üzərində qurulmasının əhəmiyyəti vurğulanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın əsrlər boyu Şərqlə Qərbin qovşağında yerləşərək multikulturalizm, qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq ənənəsini formalaşdırdığını bildirib. O, müxtəlif dinlərin və xalqların nümayəndələrinin bu gün də ölkənin müxtəlif bölgələrində sülh və əmin-amanlıq şəraitində yaşayıb-yaratdığını qeyd edib.
Ramin Məmmədov “Harmoniya” sənədli filminin Azərbaycanın dini və mədəni müxtəlifliyini beynəlxalq auditoriyaya çatdıran mühüm layihə olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində və dini məkanlarında çəkilmiş film üç müxtəlif dini ənənəyə mənsub qadının gündəlik həyatı, ailə dəyərləri və dostluğu vasitəsilə Azərbaycanın multikultural reallığını əks etdirir.
Təqdimat mərasiminin sonunda “Harmoniya” sənədli filminin nümayişi keçirilib.
Qeyd edək ki, ekran əsəri beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.