Sumqayıt Yəhudi Dini İcması “STMEGI — Azərbaycan”ın sabiq rəhbəri, Azərbaycan dağ yəhudiləri icmasının tanınmış nümayəndəsi Şaul Mixayloviç Davıdovun vəfatı xəbərini dərin hüznlə qarşılayır.
Şaul Mixayloviç uzun illər ərzində Azərbaycan yəhudi icmasına xidmət etmiş, xeyriyyəçilik və sosial təşəbbüslərin inkişafına mühüm töhfələr vermiş, ehtiyacı olanlara dəstək göstərmişdir. Onun fəaliyyəti və icmanın həyatında oynadığı mühüm rol böyük ehtiramla xatırlanacaq.
Şaul Mixayloviçin Sumqayıt Yəhudi Dini İcması ilə xüsusi bağlılığı olmuşdur. O, hər il Pesax bayramı ərəfəsində icmamıza matza və üzüm şirəsi hədiyyə edər, yəhudi bayramlarında mütləq icmamızla birlikdə olardı. Onun diqqəti, səmimiyyəti və icmamıza göstərdiyi dəstək hər zaman minnətdarlıqla xatırlanacaq.
Sumqayıt Yəhudi Dini İcması olaraq mərhumun ailəsinə, doğmalarına və yaxınlarına, eləcə də bütün dağ yəhudiləri icmasına dərin hüznlə başsağlığı veririk.
Uca Tanrı onun ruhunu əbədi rahatlığa qovuşdursun.
Barux Dayan Emet.